Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
Baş verənlərə fərqli bir baxış təqdim etmək üçün yazılan bu araşdırmanın əsas məqsədi “Qabondakı çevrilişin səbəbi xüsusi ideoloji, yoxsa korrupsiya iqtisadiyyatıdır?” sualına cavab axtarmaqdır. Tədqiqatın missiyası Afrika qitəsində siyasi rejim dəyişikliyi, hegemonluq və yüksək siyasətlər səviyyəsində dərin sintezə nail olmaq deyil, real siyasi çərçivədə əsas məlumatları təqdim etməkdir. Vurğulamaq lazımdır ki, siyasətin çevrilişlə yönləndirilməsi heç vaxt qəbul oluna və ya bəyənilə bilməz. Bununla belə, çevrilişlər bir çox Afrika ölkələrində sülalə ənənəsinə əməl edən uzunmüddətli tək adam rejimlərinin qaçılmaz sonu kimi ibrətamizdir. BBC-nin Afrika müxbiri Ousmane Badianeni xəbərinə görə, ordu 30 avqust çərşənbə günü seçki nəticələrinin ləğv edildiyini və Əli Bonqo rejiminin sona çatdığını elan etdikdən sonra yüzlərlə qabonlu sevincini ifadə etmək və çevriliş edənlərə dəstək vermək üçün Librevil küçələrinə çıxıb.
Küçələrdə nə Rusiya, nə Britaniya, nə də başqa ölkələrin bayraqları yox idi. Lakin bayraqların olmaması xarici qüvvələrin strateji əməliyyatda iştirak etmədiyi demək deyil. Əksinə ağıllı güc mahiyyət etibarilə daimidir. Əslində açıqlamalarda müxalifətlə ordunun ümumi dil tapdığını söyləmək olar. Lakin bu dəfə Mali, Burkina Faso və ya Nigerdə son zamanlar baş verənlərdən fərqli olaraq, Fransa əleyhinə şüarlardan başqa heç bir ciddi aksiya olmadı. Çevrilişi törədənlər nə Fransa bayrağını yandırıblar, nə də Fransa səfirliyinə hücum ediblər. Bu vəziyyəti başqa bir obyektivdən oxumaq lazımdırsa, qiyamçıların ağıllı və soyuqqanlı davrandıqlarını, qalanın əvvəlcə içəridən möhkəmləndirilməsi lazım olduğu şüuru ilə hərəkət etdiklərini müşahidə etmək mümkündür. Fransız mətbuatının dediyi kimi, bu vəziyyət Fransaya qarşı bir hərəkət deyil, açıq şəkildə Fransanın “əkib-biçdiyi” əraziyə qarşı bir hərəkətdir.
Keçmiş dominant güc olan Fransanın qitənin ümumi siyasəti və iqtisadiyyatı fonunda və konkret olaraq Qabonda davam edən təsirinə nəzər salmaq faydalıdır. 2020-ci il tarixli bir məlumata görə, “Fransa 1961-ci ildən bu günə qədər (2020) 14 Afrika ölkəsinin milli ehtiyatlarına sahibdir. Fransa xəzinəsi Afrikadan illik 500 milyard dollar gəlir əldə edir. Fransanın keçmiş koloniyalarının əksəriyyətində ölkələrin bütün əsas iqtisadi aktivləri Fransanın əlindədir. Məsələn, Kot-d'İvuarda fransız şirkətləri su, elektrik, telefon, nəqliyyat, limanlar və böyük banklar kimi bütün əsas xidmətlərə sahibdir və onlara nəzarət edir. Ticarətdə, tikintidə, kənd təsərrüfatında da belədir. Fransızların yeni müstəmləkəçilik metodları kimi istifadə edilən “qərbləşmə”, “müasirləşmə” və “modernləşmə” adlı hərəkatlar sözügedən cəmiyyətlərdə ancaq degenerasiyaya səbəb olub. Fransa həmçinin müsəlmanların müqavimətini qırmaq və dini düşüncəni formalaşdırmaq üçün öz nəzarəti altında İslam məktəbləri yaradıb”.
Afrika qitəsi ilə bağlı xəbərləri və qiymətləndirmələri fransızca dərc edən “Jeune Afrique” internet saytının məlumatına görə, neft və minerallarla zəngin Qabonda “feodalizm” olaraq xarakterizə edilən Bonqo ailəsi mənsubu dövlət başçısı Əli Bonqonun hərbi çevrilişlə “təqüdə çıxması” fonunda ona və ailəsinə qarşı uzun müddətdir davam edən korrupsiya ittihamları var. Məsələni araşdıran hakimlər Bonqo ailəsinin “qanunsuz qazanc”ına dair kifayət qədər dəlil tapıblar. Qabondakı hərbi çevriliş Qərbi və Mərkəzi Afrikada 2020-ci ildən bəri səkkizinci çevrilişdir. Əvvəllər eyni aqibəti yaşayan Mali, Qvineya, Burkina Faso, Çad və Nigerdən sonra bütün gözlər Qabona çevrildi.
Bölgədə, xüsusilə Fransanın aktiv olduğu Afrika ölkələrində ümumi və fundamental problemləri hətta savadlı gənc əhalinin belə iş tapa bilməməsi və qeyri-rəsmi iqtisadi imkanlardan yararlana bilməməsi, yüksək gəlirlər haqqında korrupsiya və imtiyaz anlayışının yayılması, Fransanın keçmiş müstəmləkələrində davam edən təsirinə görə artan narazılıq kimi sadalamaq olar. Bundan əlavə, seçicilər arasında belə bir fikir geniş yayılıb ki, hökumət öz hakimiyyətini uzatmaq üçün seçkiləri manipulyasiya edir. Prezidentlik müddətinin konstitusiyaya zidd şəkildə uzadılması da ciddi qəzəb mənbəyi olaraq qalır.
Qabondakı çevrilişdən sonra Kamerun və Ruanda hökumətləri rejimin itiriləcəyindən qorxaraq, ordudakı yüksək rütbəli komandirlərin əksəriyyətini tərxis etdilər. Afrika terrorizm, kartellər və əlaqəli problemlərin öhdəsindən gələ bilmədiyi halda, bu ölkələrin hökmdarlarının öz kreslolarını vermək istəməmələrinin səbəbi, aşağıda təfərrüatları verilmiş Qabon nümunəsində olduğu kimi, şəxsi mənfəət və maraq gözləntilərindən başqa heç bir səbəbə əsaslana bilməz. Ancaq 23 ildir Ruanda Prezidenti olan Pol Kaqamenin 1994-cü ildə Hutular və Tutsilər arasında baş verən vətəndaş müharibəsində yüz gündə 800 min insanın soyqırımına məruz qalmasının 20-ci ildönümündə verdiyi açıqlama Fransanın bölgədəki ideologiyasını anlamağın işarə fişəngidir: “Bir neçə gün əvvəl Parisdə Paskal Simbikanqvanı soyqırımda ittiham etdilər. Bu, 20 illik yubileyi öncəsi Fransanın jesti kimidir. Orada Fransanın özü mühakimə olunmalıdır”.
Mövzumuza qayıtsaq, Afrikada son dövrün son çevrilişinin baş verdiyi Qabonda vəziyyət digər Afrika ölkələrində olduğu kimi tam bir anti-Fransa əhval-ruhiyyəsinə çevrilib. Sözdə azadlığı Fransadan əldə edən Qabonu son 55 ildə Fransanın “təyin etdiyi” Bonqo ailəsi idarə edirdi. Fransız hərbi qulluqçularının ölkəni tərk etməsini istəyən nümayişçilərin şüarlarını və çevriliş administrasiyasının “bu rejimə son qoyaraq sülhü qoruyaq” şüarını təsadüfi seçilmiş mesaj kimi qəbul edə bilmərik.
Sözügedən mesajda qeyd olunan “Rejim” və “Sülh” kodları dərin təhlil tələb edir və hazırkı məqalənin əhatə dairəsindən kənardadır. Dünya Bankının hesabatına görə, 2020-ci ildə Qabonda neftlə əlaqəli sektorlar ÜDM-in 38,5%-ni və ölkənin ixracının 70,5%-ni təşkil edib. Bu məsələ Bonqo ailəsinə qarşı edilən tənqidlərin mərkəzində dayanır. Bonqo ailəsi ölkənin neft sərvətlərini yoxsulluq içində yaşayan kütlələrə ötürmək üçün çox az iş gördüyünə görə tənqid olunur. Afrika qitəsində adambaşına düşən ÜDM-in ən yüksək göstəricilərindən birinə sahib olan Qabonda (Dünya Bankının məlumatına görə, 2022-ci ildə 8820,3 dollar) saray və xalq arasında gəlir bölgüsündə bərabərsizlik və hətta uçurum çevrilişin bariz göstəricisi kimi önə çıxır.
Çevrilişi hazırlayan səbəbləri araşdırarkən hüquq qruplarının Bonqo ailəsinin Qabonu “ailə rejiminə” çevirdiyi, təbii sərvətlərini, neft sərvətlərini və tropik meşələrini talan etdiyi iddialarına tez-tez rast gəlirik. Ölkənin müxalif siyasətçiləri də Bonqo ailəsinin üzvlərini dövlət pullarını mənimsəməkdə və sanki öz şəxsi mülkləri kimi ölkəni idarə etməkdə ittiham edirlər. Bəzi fransız analitiklər devrilmiş Qabon liderinin Fransa ilə münasibətlərinin pis olduğunu və onun Britaniya, Türkiyə və Çin kimi ölkələrlə yaxın olduğunu iddia edirlər.
Bununla belə, Bonqo ailəsinin Parisin 7-ci bölgəsində nazirlik və səfirliklərin yerləşdiyi hissədə 5400 kvadrat metr sahəni əhatə edən dəbdəbəli malikanəyə sahib olması ilə yanaşı, Parisin mühüm ərazilərində “Bonqo sülaləsi”nə aid çoxlu lüks mənzillərin və Fransız Rivyerasında çoxlu unikal lüks villaların olması bu tezisləri tamamilə təkzib edir. Digər tərəfdən, Fransa daxilində bir qrupun “gizli” şirkətlərdən istifadə edərək, Bonqoya ölkəsini soymağa kömək etməsi çirkli pulla mübarizədə çoxlu mühakimə yürüdən Fransa və onunla hərəkət edənlər üçün tarixi biabırçılıqdır. Bonqo ailəsinin Fransadakı “bənzərsiz” daşınmaz əmlaklarını və bunların qeyri-qanuni əldə edilməsini gündəmə gətirən fransız “Liberation” qəzetinin xəbərinə görə, fransız hakimlərin uzun sürən araşdırmaları nəticəsində Bonqo ailəsinin bu ölkədəki mülklərinin böyük hissəsinin Qabonda fəaliyyət göstərən fransız neft şirkəti “Elf-Total” tərəfindən verilən rüşvətlə alındığı müəyyən edilib.
Bongo ailəsinin aktivləri ilə bağlı 2022-ci ildə Parisdə açılan məhkəmə istintaqında əldə edilən məlumatlar bu mülklərin dəyərinin ən az 85 milyon avro olduğunu göstərsə də, daşınmaz əmlak agentləri bu rəqəmin həqiqəti əks etdirmədiyi qənaətindədirlər. Bonqo ailəsinin müxtəlif korrupsiya üsulları ilə əldə etdiyi pulun 100 milyon avrodan çox olduğu ciddi şəkildə iddia edilir. OPEC üzvü Qabonun qızıl, neft və uran ehtiyatlarını istismar edən fransızlar, əslində, ölkənin yerüstü və yeraltı bütün təbii sərvətlərini istismar edərək, gizli bir oyuncaq hökumət vasitəsilə ölkəni idarə edirdilər. Belə ki, Əli Bonqo və ailəsi sərvətlərini təbiətin təqdim etdiyi nemətlərlə artırsa da, xalqı çox kasıb qaldı. Məsələn, paytaxt Librevilin bəzi məhəllələrində kranlardan su axmır. İqtisadçı Mays Mouissi Qabon xalqının əsas ehtiyaclarının ödənilə bilməməsini çox kədərləndirici hesab edir. Əli Bonqonun və onunla hərəkət edənlərin “qaranlıq” tərəflərini diqqətlə görmək və qiymətləndirmək lazımdır.
Sikkənin o biri üzünü, yəni çevrilişi həyata keçirən generalı araşdırmaq da faydalıdır. Respublika Qvardiyasının komandiri və daxili təhlükəsizlik xidmətlərinin əməliyyatlarına cavabdeh olan, eyni zamanda “Prezidentimi şərəf və sədaqətlə qoruyuram” sözləri ilə mahnı bəstələyən general Ngeume Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP) çərçivəsində hazırlanan 2020-ci il hesabatında Bonqo ailəsinin xaricdəki aktivlərini idarə edən şəxs kimi qeyd edilir və bu yolla milyonçu olduğu iddia edilir.
Fransa Milli Elmi Tədqiqat Mərkəzinin (Centre National de la Recherche Scientifique/CNRS) verdiyi açıqlamada deyilir: “Eyni zamanda, Əli Bonqonun ən yaxın çevrəsindən gələn və devirdiyi hökumətin xeyir-dualarından böyük bəhrələnən bir şəxsin həyata keçirdiyi çevrilişə bağlanacaq inqilabi ümidlərin puça çıxma ehtimalı da yüksək görünür”. Bu şərhi ikili oxuma sistemi ilə oxuyanda anlayırıq ki, problem idealist məqsədlər və ya məişət məsələsi deyil, korrupsiya iqtisadiyyatının bölüşdürülməsi üzərində hesablaşmadır. O zaman belə bir sual yaranır: Bu paylaşım və təşkilatlanmada kimlər var və onların vəzifələri nədir? Bu sualların cavabları hazırkı məqalənin hüdudlarını aşacağı üçün burada dayanacağıq.
“Makron afrikalıları aldadaraq davam etdirdiyi neokolonial modelin taktikasını tükəndikdən sonra istifadə etdiyi son arqumentini irəli sürür. Bu arqument səhvi etiraf edərək, “yeni səhifə açmaq” çağırışıdır. Yeni səhifə çevrildikdən sonra köhnələri unutduraraq istismar etməyə davam edəcəklər. Fransa tərəfindən əsarət altına alınan milyonlar, yeraltı sərvətlər və talan edilmiş tarixi əsərlər bundan sonra müzakirə edilməyəcək”.
Müxalifət lideri Albert Ondo Ossa isə hesab edir ki, ordunun ələ keçirilməsi çevriliş yox, “saray inqilabı”dır. Onun sözlərinə görə, Bonqo klanı hələ də hakimiyyətdədir.
And içərək prezidentliyə keçməsi gözlənilən Nguema çıxışında bütün iş adamlarına xəbərdarlıq edib. Nguema onlara müraciət edərək deyib: “Vətəndaşlarımızın gözlədiyi inkişafa gəlincə, indiki mərhələdə korrupsiyaya qarşı laqeyd qalanda vətənə sədaqətinizi, vətənpərvərliyinizi dərk etmək çətindir”. Həddindən artıq yığılan pulların “dövlətə qaytarılmasını” təmin edəcəyinə söz verən Nguema bildirib: “Məncə, bu vəziyyət davam edə bilməz və buna dözməyəcəyəm. Gözləyək, görək”.
Yekun olaraq bildirək ki, haradan baxılırsa-baxılsın, çürük sistem və bir o qədər də şübhəli çevrilişi qeyd etmək lazımdır. Digər tərəfdən, hərbi çevrilişlərin xaricdən dəstək almaması da mümkün deyil. Bu çevrilişlə zəngin təbii sərvətlərə, lakin inkişaf etməmiş ölkə statusuna malik olan Qabon üzərindəki hegemonluq mübarizəsi sadəcə olaraq əl dəyişdirdi və ya yeni mərhələyə keçdi. Bu coğrafiyada “A” imperiyası və ya “R” imperiyası olmasının fərqi yoxdur. Nə olursa-olsun, beynəlxalq ictimaiyyət ilk növbədə Afrika xalqının xoşbəxtliyini və rifahını düşünməli, heç vaxt onların daxili işlərinə qarışmamalı, niyyət və əməllərində “səmimi” olmalıdır.
Bütün bu həqiqətləri təfərrüatı ilə bilən və bu alçaq sistemin bir parçası və uzantısı olan insanlar, qurumlar və təşkilatlar yaxından araşdırılmalı, onların bu məsələlərdəki vəzifə və məsuliyyətləri şübhə altına alınmalıdır. Hazırkı vəziyyətdə Fransanın rəhbərliyi altında fəaliyyət göstərən bütün ünsürlərlə əlaqələr nəzərdən keçirilməlidir. Korrupsiyaları ifşa olunan və aşkarlanan Əli Bonqonun beynəlxalq ictimaiyyətə son çağırışı “Bir şeylər söyləyin” olub. Düşünürük ki, o çağırışın mesajı çoxdan aydın və əvvəlcədən verilmiş olmalıdır. Bu son çevriliş uğurlu ola bilərmi və ya bu proses həqiqətən Qabonun xeyrinə olacaqmı? Bunu zaman göstərəcək. Qarşıdakı proseslərdə yalnız bir prinsipə əməl olunmalıdır: “Haqqın və ədalətin tərəfində olmaq”.
Oxşar məqalələr
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
-
Livan-İsrail mübahisəli dəniz sərhədi gərginliyi “İraq qazı” uğrundadır?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı